Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Moskva 2022-ci ildə İstanbulda keçirilən görüşlər əsasında Ukrayna ilə sülh danışıqlarına hazırdır.
Putin bu barədə Moskvada hökumət rəsmiləri ilə keçirdiyi toplantıda danışıb. O, Türkiyənin vasitəçiliyi ilə baş tutan İstanbul danışıqlarını xatırladaraq, yeni prosesin həmin razılaşmalar əsasında aparılmalı olduğunu deyib.
“Ukrayna ilə İstanbul görüşləri əsasında sülh danışıqlarına hazırıq”, — deyə Putin bildirib.
Rusiya lideri Moskvanın diplomatik həllə açıq olduğunu iddia edib. Bununla yanaşı, Putin Ukraynanın hücumlarının Rusiya ordusunun Ukraynadakı irəliləyişini dayandıra bilməyəcəyini vurğulayıb.
Putin Ukrayna hücumları ilə bağlı təhdidlərin qarşısının alınmasında əsas məsuliyyətin Rusiya Müdafiə Nazirliyi və digər təhlükəsizlik qurumlarının üzərinə düşdüyünü bildirib. O, hökumətin də bu cür hücumların nəticələrini minimuma endirmək üçün əlavə tədbirlər görməli olduğunu qeyd edib.
Rusiya prezidentinin sözlərinə görə, Ukrayna cəbhədə vəziyyət pisləşdikcə Rusiyadakı mülki obyektlərə və infrastruktur sahələrinə hücum taktikasına üstünlük verir.
Putin həmçinin iddia edib ki, Kiyev Rusiyada enerji təchizatında problem yaratmağı və turizm mövsümünə təsir göstərməyi hədəfləyir.

