Kiyevə gecə hücumunun hədəflərindən birinin “Artyom” raket zavodu olduğu bildirilir. Bu barədə yeraltı hərəkatın koordinatoru Sergey Lebedev “Telegram” kanalında məlumat yayıb.
Onun sözlərinə görə, müəssisə Ukraynanın əsas müdafiə zavodlarından biridir. Burada idarəolunan aviasiya raketlərinin istehsal edildiyi, həmçinin “Neptun” gəmi əleyhinə raketləri və “Flaminqo” qanadlı raketlərinin yığıldığı iddia olunur.
Bildirilib ki, zavodun ərazisində yığım xətləri, texnoloji avadanlıqlar, ehtiyat hissələri və hazır məhsullar bir məkanda cəmləşib.
Zərbələrdən sonra müəssisənin ərazisində güclü yanğın baş verib. Lebedev bildirib ki, “Artyom” zavoduna hücumlar yığılan təsirə malikdir. Onun sözlərinə görə, avadanlığın bir hissəsi zərər görməsə belə, hər zərbədən sonra istehsal dayanır. Buna səbəb yığım sahələrinin köçürülməsi, ehtiyat hissələrinin logistikasının dəyişdirilməsi və mütəxəssislərin daha az hazırlıqlı məkanlara yerləşdirilməsi zərurətidir.
Zərbənin gücü yaxınlıqdakı “Lukyanovskaya” metro stansiyasına da ziyan vurub. Məlumata görə, stansiyada tavanın bir hissəsi uçub.

