Peru Xarici İşlər Nazirliyi Rusiya-Ukrayna müharibəsində indiyədək 11 Peru vətəndaşının öldüyünü, 114 nəfərin isə itkin düşdüyünü açıqlayıb.
Peru Xarici İşlər Nazirliyinin məlumatına görə, ümumilikdə 459 Peru vətəndaşının müharibəyə qoşulduğu müəyyən edilib. Onlardan 11-i həyatını itirib, 114 nəfərin taleyi məlum deyil, 3 nəfərin isə Ukrayna ordusu tərəfindən əsir götürüldüyü bildirilir.
Nazirlik həmçinin Rusiyadan 31 Peru vətəndaşının təxliyə edildiyini açıqlayıb. Son həftələrdə daha bir neçə şəxsin konsulluq prosedurları tamamlanaraq ölkəyə qaytarıldığı qeyd olunur.
Rəsmi Lima vətəndaşlarını müharibə ilə əlaqəli saxta iş elanlarına və insan alveri şəbəkələrinə qarşı diqqətli olmağa çağırıb. Xarici ölkənin ordusunda xidmət etmək üçün dövlətin rəsmi icazəsinin tələb olunduğu da xatırladılıb.
Peru mediasında isə Rusiya ordusuna qoşulan şəxslərin ailələrinin itkilərin rəsmi rəqəmlərdən daha çox olduğunu iddia etdiyi bildirilir. Ailələrin nümayəndəsi ən azı 150 Perulunun öldüyünə dair məlumat aldıqlarını, lakin bu rəqəmin rəsmi şəkildə təsdiqlənmədiyini deyib.
Peru hökuməti itkin düşən vətəndaşların tapılması üçün Beynəlxalq Qızıl Xaç Komitəsindən yardım istəyib.

