ABŞ-ın Florida ştatında yaradılmış Powerus startapı İrandan buraxılan pilotsuz uçuş aparatlarına qarşı mübarizə üçün BƏƏ-də ucuz dron-önləyicilərin istehsalına başlayıb.
The New York Times yazır ki, şirkət hazırda ayda təxminən 3 min belə aparat istehsal edir.
İstehsal böyük zavodda deyil, nisbətən kiçik anbarda təşkil olunub. İşçilər gündə 12 saat çalışırlar.
Bir dron-önləyicinin qiyməti təxminən 5 min dollardır. Aparatlar 3D-printerdə hazırlanmış detallardan, standart mikrosxemlərdən və GPS modullarından yığılır.
Powerus BƏƏ-də yerli istehsalçılarla əməkdaşlıq etməklə ABŞ-da yeni zavod tikmədən istehsalı sürətlə artırıb. Bu model şirkətə mürəkkəb ixrac prosedurlarından yan keçməyə və məhsulu daha tez bazara çıxarmağa imkan verir.
Şirkət gələcəkdə müxtəlif ölkələrdə istehsal şəbəkəsi yaratmağı planlaşdırır. Məqsəd 2027-ci ilin ortalarınadək qlobal istehsalı ayda 15 min dron-önləyiciyə çatdırmaqdır.

