Qəzza zolağından İsrail ərazisinə uçan çərpələnglər tərəflər arasında yeni gərginliyə səbəb olub. İsrailin müdafiə naziri İsrael Katz belə hallara qarşı “sıfır tolerantlıq” siyasəti yürüdüləcəyini açıqlayıb.
Həftəsonu Qəzza sərhədindən təxminən 800 metr məsafədə yerləşən Nahal Oz kibutsunda dörd çərpələng aşkar edilib. İsrail ordusunun məlumatına görə, onların üzərində heç bir şübhəli maddə və ya partlayıcı aşkarlanmayıb və çərpələnglər əhali üçün təhlükə yaratmayıb.
Buna baxmayaraq, İsrael Katz Qəzzadan İsrail istiqamətində buraxılan çərpələng, şar və PUA-lara qarşı sərt tədbirlər görüləcəyini bildirib.
Katzın sözlərinə görə, partlayıcı daşıyıb-daşımamasından asılı olmayaraq, çərpələnglərə PUA-lara olduğu kimi yanaşılacaq. İsrail rəhbərliyi buraxılışlar davam edərsə, buna görə məsul hesab etdiyi şəxslərə qarşı zərbələrin gücləndiriləcəyi barədə xəbərdarlıq edib.
HƏMAS isə İsrailin ittihamlarını rədd edib. Qrupun sözçüsü çərpələnglərin məcburi köçkün düşərgələrində yaşayan uşaqların oyuncaqları olduğunu bildirib və İsrail tərəfinin bunu Qəzzaya hücumları davam etdirmək üçün bəhanəyə çevirdiyini iddia edib.
Məsələ xüsusilə ona görə narahatlıq yaradıb ki, əvvəlki illərdə Qəzzadan İsrail ərazisinə yandırıcı vasitələr bağlanmış çərpələng və şarlar buraxılıb, nəticədə kənd təsərrüfatı sahələrində və meşəlik ərazilərdə yanğınlar baş verib.
Gərginlik fonunda Qəzzada İsrail zərbələri də davam edib. Reuters-in məlumatına görə, bazar günü Qəzzanın mərkəzinə endirilən iki zərbə nəticəsində azı iki nəfər, o cümlədən 4 yaşlı uşaq həlak olub, yeddi nəfər yaralanıb. İsrail isə zərbələrdən birində HƏMAS-la əlaqəli hədəfin vurulduğunu bildirib.

