Ukraynanın “Qlavkom” internet nəşri ABŞ Prezidenti Donald Tramp administrasiyasının nümayəndələrinin Moskva və Kiyevdə keçirilən danışıqlara aparmış ola biləcəyi yeni sülh planının ehtimal edilən şərtlərini açıqlayıb.
Nəşrin məlumatına görə, sənəddə hərtərəfli atəşkəsin əldə olunması, Ukraynanın ərazi güzəştlərinə getməsi, Ukrayna Silahlı Qüvvələrinin Donbasdan və Zaporojye vilayətinin bir hissəsindən çıxarılması kimi müddəalar yer alır.
Bundan başqa, plana əsasən, Ukraynada referendumun, milli seçkilərin keçirilməsi və konstitusiya islahatının aparılması nəzərdə tutulur. Kiyevə Rusiyanın nəzarətinə keçəcək əraziləri güc yolu ilə geri qaytarmaq cəhdlərindən imtina etmək, eləcə də ölkənin bloklara qoşulmamaq statusunu hüquqi baxımdan təsbit etmək təklif olunur. Bu isə Ukraynanın NATO-ya və digər hərbi-siyasi ittifaqlara üzvlüyünün istisna edilməsini nəzərdə tutur.
Mümkün tələblər sırasında Ukrayna ordusunun sayına məhdudiyyətlərin qoyulması və dil məsələsi ilə bağlı razılaşmalar da göstərilir.
Yayımlanan məlumata əsasən, tammiqyaslı sülh sazişi artıq yenilənmiş Kiyev rəhbərliyi tərəfindən imzalanmalı və daha sonra BMT çərçivəsində xüsusi prosedur vasitəsilə ratifikasiya edilməlidir.
Denmedia.az

