Rusiyada parlamentin aşağı palatası olan Dövlət Dumasına keçirilən seçkilərin ilkin qeyri-rəsmi nəticələrinə görə, Prezident Vladimir Putinin «Vahid Rusiya» Partiyası 49,4 faiz səslə birinci yerdə qərarlaşıb.
2022-ci ildə Ukraynada müharibə başlayandan bəri Rusiyada ilk dəfə parlament seçkiləri keçirilib. Vətəndaşlar Dövlət Dumasının 450 deputatını müəyyənləşdirmək üçün səsvermədə iştirak ediblər.
Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçici fəallığı 55 faiz təşkil edib. Ümumilikdə 3 milyon 30 min 825 nəfər internet vasitəsilə səs verib.
Seçki məntəqələri bağlandıqdan sonra səslərin hesablanmasına başlanılıb və exit-poll nəticələri açıqlanıb.
İlkin qeyri-rəsmi nəticələrə əsasən, «Vahid Rusiya» Partiyası 49,4 faiz, Rusiya Kommunist Partiyası 14,2 faiz, Liberal Demokrat Partiyası 10,7 faiz, «Yeni İnsanlar» Partiyası 9,7 faiz, «Ədalətli Rusiya» Partiyası isə 6,6 faiz səs toplayıb.
Seçkilərdə iştirak edən digər partiyaların 5 faizlik seçki baryerini aşa bilmədiyi bildirilib.
Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova internet üzərindən keçirilən səsverməyə müdaxilə məqsədilə çoxsaylı kiberhücum cəhdlərinin qeydə alındığını, lakin onların qarşısının alındığını açıqlayıb.
Pamfilovanın sözlərinə görə, səslərin hesablanması gecə boyunca davam edəcək və yekun nəticələr sentyabrın 21-də Bakı vaxtı ilə saat 12:00-da açıqlanacaq.

