İranın arsenalında ABŞ və müttəfiqlərinə zərbə endirmək üçün 1500–2500 raketin qaldığı ehtimal edilir.
“The Wall Street Journal” nəşrinin ABŞ kəşfiyyatının məlumatlarına istinadən yazdığına görə, Tehran genişmiqyaslı müharibə yenidən başlayacağı təqdirdə bu raketlərdən istifadə edə bilər.
Bu məlumatlar ABŞ Prezidenti Donald Trampın İranın hərbi potensialının demək olar ki, tamamilə məhv edilməsi ilə bağlı bəyanatları ilə ziddiyyət təşkil edir.
Nəşr bildirir ki, İran müharibədən əvvəlki sürətlə olmasa da, raket ehtiyatlarını bərpa etməyə davam edir. Tehran bunun üçün əsasən əvvəlcədən topladığı komponentlərdən istifadə edir. Ölkənin arsenalında xeyli sayda pilotsuz uçuş aparatı (PUA) və qısa mənzilli raketlər də qalır.
ABŞ müdafiə nazirinin Yaxın Şərq üzrə sabiq müavini Simona Lidinin sözlərinə görə, hətta minimum 1500 raket göstəricisi belə İranın müharibədən əvvəlki arsenalının yarıdan çoxunu bərpa etdiyini göstərir.
İranın hərbi imkanlarını gücləndirməsində Rusiyanın da rol oynadığı bildirilir. Ekspertlərin qiymətləndirməsinə görə, Moskva Tehrana kəşfiyyat məlumatları, peyk görüntüləri, texnologiyalar və hərbi təcrübə ötürür. Həmçinin modifikasiya edilmiş “Şahed” PUA-ları və daşınan zenit-raket komplekslərinin mümkün tədarükündən bəhs olunur.
Bununla belə, raketlərin dəqiq sayı məlum deyil. İran silah ehtiyatları barədə məlumatları açıqlamır və hərbi komponentlərin bir hissəsini yeraltı obyektlərdə saxlayır.

