Tailandın Phuket adasının Patonq bölgəsində güclü yanğın nəticəsində 11 nəfər həlak olub, 16 nəfər xəsarət alıb.
“The Phuket News” nəşrinin məlumatına görə, yanğın bazar ertəsinə keçən gecə dördmərtəbəli ticarət kompleksində yerləşən motosiklet icarəsi məntəqəsində başlayıb və qısa müddətdə qonşu binalara yayılıb.
Patonq merinin müavini Sanakorn Kisin bildirib ki, xilasedicilər çağırışdan cəmi beş dəqiqə sonra hadisə yerinə çataraq insanların təxliyəsinə başlayıblar.
Yanğın zamanı 15–20 nəfər xilas edilib, həlak olanlardan altısının şəxsiyyəti müəyyənləşdirilib.
Xəsarət alan 4 kişi və 12 qadın Patonq xəstəxanasına yerləşdirilib. Yaralılardan birinin Myanma vətəndaşı olduğu bildirilir.
Polis hadisə yerini mühasirəyə alıb. Yanğının səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.

