Ağrıkəsici və qızdırmasalıcı vasitə kimi geniş istifadə olunan parasetamolun normadan artıq qəbulu qaraciyərin ciddi zədələnməsinə, ağır hallarda isə kəskin qaraciyər çatışmazlığına səbəb ola bilər.
Denmedia.az xəbər verir ki, bu barədə qastroenteroloq Olqa Suxareva özünün “Telegram” kanalında xəbərdarlıq edib.
Mütəxəssisin sözlərinə görə, parasetamol düzgün istifadə edilmədikdə qaraciyər üçün təhlükəli dərmanlardan birinə çevrilə bilər. Bunun səbəbi preparatın orqanizmdə parçalanması zamanı NAPQI adlı zəhərli maddənin əmələ gəlməsidir.
Normal şəraitdə orqanizm bu maddəni qlutation adlı antioksidantın köməyi ilə zərərsizləşdirir. Lakin parasetamol normadan artıq qəbul edildikdə qlutation ehtiyatları tükənə və zəhərli maddə qaraciyər hüceyrələrini zədələyə bilər.
“Hətta ağır hallarda bu, kəskin qaraciyər çatışmazlığına gətirib çıxara bilər”, – deyə həkim xəbərdarlıq edib.
Suxareva bildirib ki, əsas təhlükələrdən biri insanların tərkibində parasetamol olan bir neçə soyuqdəymə dərmanını eyni vaxtda qəbul etməsidir. Bu zaman fərqinə varmadan tövsiyə olunan gündəlik dozanı aşmaq mümkündür.

Həkim həmçinin parasetamolun alkoqolla birlikdə qəbulunun qaraciyərə zərər vurma riskini artıra biləcəyinə diqqət çəkib.
Mütəxəssis qeyd edib ki, parasetamol zəhərlənməsinin müalicəsində asetilsistein adlı xüsusi antidotdan istifadə olunur. Bu preparat qaraciyərin zədələnmə riskini azaltmağa kömək edir.
Onun sözlərinə görə, müalicə xüsusilə doza həddinin aşılmasından sonrakı ilk səkkiz saat ərzində başladıqda daha təsirli olur. Bununla belə, daha gec mərhələdə də tibbi müdaxilə faydalı ola bilər.
Qeyd edək ki, parasetamol tövsiyə olunan dozada istifadə edildikdə ağrının azaldılması və hərarətin salınması üçün effektiv dərman hesab olunur. Doza həddinin aşıldığından şübhələnildikdə, hətta heç bir əlamət müşahidə olunmasa belə, dərhal tibbi yardım almaq vacibdir.

