Dünya şöhrətli “Evdə tək” (“Home Alone”) filminin ulduzu Makoley Kalkin 34 ildən sonra yenidən Kevin Makkallister obrazına qayıda bilər.
Denmedia.az Variety jurnalına istinadən xəbər verir ki, “Disney” şirkəti məşhur komediya franşizasının yeni filmi üzərində işləməyə başlayıb.
Hazırda ilkin hazırlıq mərhələsində olan layihədə Makoley Kalkinin iştirakı nəzərdə tutulur. Ssenari üzərində tanınmış aktyor və ssenarist Set Roqen, eləcə də onun uzunillik yaradıcı tərəfdaşı Evan Qoldberq çalışırlar.
Məlumata görə, yeni film ideyası Kalkinin özünə məxsusdur. Aktyor daha əvvəl Kevin Makkallisterin artıq ata olduğu və bu dəfə öz oğlunun qurduğu tələlərlə üzləşdiyi bir hekayə təsəvvür etdiyini bildirmişdi.

Yeni filmin süjetinin məhz bu ideya üzərində qurulacağı hələlik təsdiqlənməyib. Ekran əsərinin tam aktyor heyəti və nümayiş tarixi də məlum deyil.
Qeyd edək ki, Makoley Kalkin 1990-cı ildə ekranlara çıxan “Evdə tək” filmində canlandırdığı Kevin obrazı ilə dünya şöhrəti qazanıb. O, 1992-ci ildə çəkilən “Evdə tək 2: Nyu-Yorkda itmiş” filmində də baş rolu ifa edib.

