Küçə itləri hazırlıqdan ovladını gətirən qadına hücum edərək ona ağır xəsarətlər yetirib. Eyni ərazidə sürü halında gəzən sahibsiz itlər məktəbli uşağın ayağından da ət qoparıb.
Den.az xəbər verir ki, dəhşət verici hadisə Abşeron rayonun Xırdalan şəhərində yaşanıb.
Abşeronda baş verən dəhşətli hadisə şəhər sakinlərini sarsıdıb. Küçə itlərinin hücumu nəticəsində bir qadın və azyaşlı uşaq ağır yaralanıb. Hadisə yerində olan vətəndaşlar dərhal müdaxilə edərək onlara ilkin tibbi yardım göstəriblər. Yaralılar təcili şəkildə xəstəxanaya çatdırılıb və quduzluğa qarşı peyvənd olunublar.
Yaralınara ilkin tibbi yardım göstərən Leyla Rəhimova bildirib ki, hadisə onların gözü qarşısında baş verib. Azyaşlı uşağı və qadını itlərin əlindən güclə alıblar.
Hadisə ilə bağlı ailələr ciddi narahatlıq içindədir və məsul qurumlardan təcili kömək istəyirlər.
Sakinlər uzun müddətdir küçə itlərinin təhlükə yaratdığını bildirir, lakin müvafiq tədbirlərin görülməməsindən gileylənirlər. Abşeron rayon İcra Hakimiyyətindən isə DenazTv-yə bildirilib ki, Sahibsiz İtlərə Qayğı Mərkəzləri tərəfindən rayon ərazisində olan ətraf mühit üçün təhlükəli ola biləcək sahibsiz itlərin bir qismi parklardan, küçə və prospektlərdən yığılıb. Sahibsiz itlərin tutulması sivil qaydada, onları incitmədən həyata keçirilib və xüsusi avtomobillərlə Qayğı Mərkəzinə daşınıb. Hazırda da bu işlər davam etdirilməkdədir. Bununla yanaşı olaraq Abşeron rayonunda Sahibsiz Heyvanlar üçün Qayğı Mərkəzinin yaradılması istiqamətində də işlər aparılır və hazırda bu işlər sənədləşmə mərhələsindədir.