Sumqayıtda işdən evə qayıdan qadına qarşı soyğunçuluq olub.
“Den.az” xəbər verir ki, Ceyranbatan bağları ərazisində yaşayan 32 yaşlı Əsmər Səfərova gecə saatlarında evinə qayıdarkən gözlənilməz hücuma məruz qaldığını iddia edib.
Məlumata görə, qadın Sumqayıtdan taksi ilə Ceyranbatandakı mənzilinə gəlirmiş. Lakin binanın girişində dəhşət yaşayıb. Onun sözlərinə görə arxadan yaxınlaşan naməlum bir şəxs onun boynundakı qızıl boyunbağını qoparıb və sürətlə yoxa çıxıb.
Əsmər Səfərova bildirib ki, onu qarət edən şəxsi tanımır və həmin şəxsin Sumqayıtdan evinə qədər onunla taksidə gəldiyini iddia edir. Bu cəsarətli soyğunçuluq nəticəsində qadına 1200 manatdan çox maddi ziyan dəyib. Qurban öz hüquqlarını qorumaq üçün dərhal Sumqayıt şəhər Polis İdarəsinin 5-ci polis bölməsinə şikayət ərizəsi verib. Mövcud vəziyyətdən zərərçəkmişin qonşuları da məlumatlıdır.
Hadisə ilə bağlı dərhal Hüquq-mühafizə orqanları şübhəlinin axtarışına başlayıb. Şahidlərdən və yaxınlıqda olan təhlükəsizlik kameralarından toplanan məlumatlar əsasında cinayətkarın tapılması üçün intensiv işlər görülüb. DenazTv-nin əldə etdiyi məlumata görə, əməli törətməkdə şübhəli bilinən şəxs artıq polis əməkdaşları tərəfindən saxlanılıb.
Nizami Rəsulov
Den.az