Xaçmaz rayonunun Çarxı kəndində güclü yanğın baş verib.
Bu barədə Den.az-ın hadisə yerində olan əməkdaşı məlumat verib.
İlkin məlumatlara görə, alov əvvəlcə kənd sakinlərinə məxsus iri ölçülü ot tayasını bürüyüb. Güclü yanğın sürətlə yayılaraq yaxınlıqdakı tövləyə keçib. Hazırda alov yaşayış evlərinə doğru hərəkət edir.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub. Yanğının söndürülməsi istiqamətində təcili tədbirlər görülür. FHN-in Xaçmaz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası hadisə yerinə səfərbər edilib. Əlavə qüvvələrin cəlb olunması da istisna olunmur.
Hazırda yanğının tam miqyası və dəymiş ziyan müəyyənləşdirilir. Yerli sakinlər təhlükəsizlik məqsədilə evakuasiya olunmağa başlanıb. Hadisənin başvermə səbəbləri araşdırılır.
FHN və hüquq-mühafizə orqanları vətəndaşlardan ərazidə ehtiyatlı olmağı və təhlükəsizlik tədbirlərinə əməl etməyi xahiş edir.
Əlavə məlumat veriləcək.
Nüşabə Baxşıyeva-Şimal bürosu