Qəhvə bəzi dərmanların təsirini 36 faizə qədər azalda bilər.
Bu barədə endokrinoloq, tibb elmləri doktoru Sapna Nayk “Parade” nəşrinə müsahibəsində xəbərdarlıq edib.
Həkimin sözlərinə görə, qalxanabənzər vəzinin hormon çatışmazlığı (hipotireoz) üçün istifadə olunan dərmanları qəhvə ilə qəbul etmək olmaz. Xüsusilə dərman qəbulundan dərhal sonra südlü və ya qaymaqlı qəhvə içmək məsləhət görülmür.
Nayk bildirib ki, qəhvə mədənin turşuluğunu dəyişdirə və həzm prosesini sürətləndirə bilər. Bu isə dərmanın orqanizmdə kifayət qədər sorulmasına mane olaraq onun təsirini zəiflədə bilər.

Endokrinoloq bu preparatları acqarına, səhər yeməyindən və ilk fincan qəhvədən 30–60 dəqiqə əvvəl, yalnız su ilə qəbul etməyi tövsiyə edib.
Onun sözlərinə görə, bu qaydaya əməl etmək dərmanın təsiredici maddəsinin orqanizmdə daha yaxşı mənimsənilməsinə kömək edir.

