Türkiyənin tanınmış müğənnisi Nükhet Duru oğlu Cem Masislə münasibətindən danışarkən göz yaşlarını saxlaya bilməyib.
Sənətçi “Bloomberg HT” kanalında Gözde Atasoyun aparıcılığı ilə yayımlanan “İşin Zirvesinde” proqramında analıq təcrübəsindən söz açıb.

Bir vaxtlar oğlunu hər şeydən qorumağa çalışdığını, indi isə onun özünü qoruduğunu bildirən Duru duyğulanaraq bunları deyib:
“Övladın dünyaya gələndə onu qucağına alırsan, böyüməyini izləyirsən. Bir vaxtlar qapının arxasında duran balaca ayaqqabılar birdən-birə böyüyür. Sən onu hər şeydən qorumağa çalışarkən bir gün onun səni qoruduğunu görürsən. Bu, necə də gözəl hissdir...”

Göz yaşlarını saxlaya bilməyən müğənni bütün uşaqlara sevgi və şəfqətlə yanaşmağın vacibliyini də vurğulayıb.
“Bunu övladı olan hər kəsə arzulayıram. Övladı olmayanlara isə demək istəyirəm ki, əslində bütün uşaqlar bizimdir. Hər bir uşağa şəfqət göstərməliyik”, – deyə o bildirib.
Qeyd edək ki, Nükhet Duru 1987–1991-ci illərdə iş adamı Dikran Masislə evli olub. Cem Masis bu nikahdan dünyaya gəlib.

