Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) antibiotiklərə qarşı davamlılığın artması ilə bağlı ciddi xəbərdarlıq edib. Növbəti 25 ildə bu səbəbdən 39 milyon insanın həyatını itirə biləcəyi bildirilir.
“Haberler.com”un ÜST-nin məlumatlarına istinadən yaydığı xəbərə görə, 18–24 noyabr – Ümumdünya Antimikrob Rezistentliklə Mübarizə Həftəsi ərəfəsində ölkələr təcili tədbirlər görməyə çağırılıb.
ÜST-nin məlumatına əsasən, 2021-ci ildə dünyada 1,14 milyon insan bakteriyaların antibiotiklərə qarşı davamlılığı səbəbindən həyatını itirib. Mövcud vəziyyət dəyişməzsə, 2050-ci ilə qədər bu rəqəmin ümumilikdə 39 milyona çatacağı proqnozlaşdırılır.
Antimikrob rezistentlik bakteriya, virus, göbələk və parazitlərin onlara qarşı istifadə olunan dərmanlara davamlılıq qazanmasıdır. Nəticədə infeksiyaların müalicəsi çətinləşir, xəstəxanada qalma müddəti uzanır və ölüm riski artır.

Bu problem xüsusilə immun sistemi zəif olan, xərçəng müalicəsi alan və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər üçün təhlükəlidir. Dərmanların təsirini itirməsi cərrahi əməliyyatları, orqan transplantasiyasını və doğuşu da daha riskli edə bilər.
ÜST eksperti Pravarşa Prakaş infeksiyaların qarşısının əvvəlcədən alınmasının dərmanlara davamlılıqla mübarizədə əsas vasitələrdən biri olduğunu vurğulayıb.
Təşkilat ölkələri səhiyyə sistemlərini gücləndirməyə, antibiotiklərin lazımsız istifadəsini azaltmağa və yeni müalicə üsullarının hazırlanmasını sürətləndirməyə çağırıb.

