ABŞ-nin ən böyük banklarının onlayn xidmətlərində kütləvi texniki nasazlıqlar yaranıb.
“Associated Press”in məlumatına görə, problemlər “Bank of America”, “Chase”, “U.S. Bank”, “Wells Fargo” banklarını və “Zelle” ödəniş sistemini əhatə edib.
Nasazlıqlar səbəbindən bəzi müştərilər hesablarına daxil olmaqda və bank əməliyyatlarını həyata keçirməkdə çətinlik çəkiblər.
“Chase” bankının nümayəndəsi problemin kiberhücumla əlaqəli olmadığını bildirib. Onun sözlərinə görə, texniki nasazlıq səbəbindən bəzi əməliyyatlar adi vaxtdan daha uzun çəkir, lakin müştərilərin hesablarına və vəsaitlərinə çıxışı qalır.
Bank problemin aradan qaldırılması istiqamətində iş aparıldığını qeyd edib. Bəzi istifadəçilərə xidmətlərin müvəqqəti əlçatmaz olduğu barədə bildiriş göndərilib.
Qeyd edək ki, bank sistemlərindəki nasazlıqlar “Microsoft” xidmətlərində baş verən genişmiqyaslı problemlərdən bir neçə gün sonraya təsadüf edib. Cümə günü “Outlook”, “Teams” və “Copilot” xidmətlərinin fəaliyyətində bir neçə saatlıq fasilələr yaranıb.

