İtaliyada məktəblərə bomba qoyulması və şagirdlərin yeməklərinin zəhərlənməsi ilə bağlı təhdid mesajları göndərilib.
Yerli mətbuatın məlumatına görə, ölkənin müxtəlif bölgələrindəki təhsil müəssisələrinin elektron poçt ünvanlarına naməlum şəxslər tərəfindən hədə-qorxu dolu məktublar göndərilib.
“M.A.” imzası ilə göndərilən mesajlardan birində məktəb binasına partlayıcı yerləşdirildiyi və 40 dəqiqə ərzində partlayış baş verəcəyi iddia olunub.
Digər məktubda isə yeməkxana işçilərindən birinin ələ alındığı və şagirdlərin yeməklərinə zəhərli maddə qatıldığı bildirilib.
Qeyd edək ki, ötən həftə İtaliyada minlərlə məktəbə oxşar bomba təhdidləri göndərilib. İhbarların əsassız olduğu müəyyən edildikdən sonra Daxili İşlər Nazirliyi yeni təhlükəsizlik qaydaları tətbiq edib.
Yeni prosedura əsasən, konkret təhlükə əlamətləri olmadıqda məktəblər yalnız elektron poçtla göndərilən təhdidlərə görə təxliyə edilmir. Son mesajlardan sonra da heç bir məktəbdə təxliyə aparılmayıb.
İtaliyanın xarici işlər naziri Antonio Tayani məsələni Brüsseldə keçirilən Aİ xarici işlər nazirlərinin toplantısında gündəmə gətirərək əvvəlki bomba ihbarlarının əsassız olduğunu bildirib.
Hazırda yeni təhdidlərlə bağlı təhlükəsizlik qiymətləndirmələri davam etdirilir.

