İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyndə yerləşən ABŞ hərbi bazasına pilotsuz uçuş aparatları (PUA) ilə hücum etdiyini bildirib.
SEPAH-ın məlumatına görə, zərbə Şeyx İsa aviabazasındakı ABŞ-yə məxsus radar sisteminə endirilib.
İran tərəfi hücumun ABŞ pilotsuz uçuş aparatlarının ölkənin hava məkanını pozmasına cavab olduğunu bəyan edib.
SEPAH bölgədəki hərbi bazalardan İrana qarşı istifadə olunacağı təqdirdə yeni hücumların baş verə biləcəyi barədə xəbərdarlıq edib və mümkün nəticələrə görə məsuliyyəti ABŞ ordusunun komandanlığının üzərinə qoyub.
Hadisədən sonra Bəhreyn Daxili İşlər Nazirliyi təhlükəsizliklə bağlı xəbərdarlıq yayıb. Sakinlərə sakitliyi qorumaq, yaxınlıqdakı təhlükəsiz əraziyə keçmək və rəsmi məlumatları izləmək tövsiyə olunub.
Qeyd edək ki, İran daha əvvəl Hörmüz boğazı yaxınlığında ABŞ-yə məxsus bir neçə MQ-1 və MQM-170 pilotsuz uçuş aparatını ələ keçirdiyini bildirmişdi.

