Endokrinoloq Qriqori Dolquşin arıqlamaq istəyən şəxslərin axşam saat 18:00-dan sonra yeməkdən tamamilə imtina etməsinin sağlamlığa mənfi təsir göstərə biləcəyini bildirib.
Həkim bu barədə “Telegram” kanalında paylaşım edib.
Onun sözlərinə görə, acqarına yatmaq yuxunu poza bilər. İnsan ya gecə aclıq hissi ilə oyanaraq yemək yeyir, ya da səhər həddindən artıq qida qəbul edir. Yuxusuzluq isə növbəti gün iştahanı daha da artıraraq qapalı dövr yaradır.

Endokrinoloq qeyd edib ki, uzun müddət ac qalmaq qastrit, mədə xorası və reflüksdən əziyyət çəkən şəxslərdə ağrı və qıcqırmanı gücləndirə bilər.
Dolquşin axşam saatlarında yalnız yağlı yeməkləri məhdudlaşdırmağı tövsiyə edib. Onun sözlərinə görə, yağlı qidalar gec həzm olunur və uzanmış vəziyyətdə reflüksə səbəb ola bilər.
“Gecə mayonezlə kabab yemək yaxşı fikir deyil, amma yüngül qəlyanaltı etmək olar”, – deyə həkim bildirib.

