İranda faktiki hakimiyyətin altı yüksəkvəzifəli məmur və hərbçinin əlində cəmləşdiyi iddia olunur.
“The Economist” nəşrinin məlumatına görə, ölkəyə rəsmi olaraq mərhum ayətullah Əli Xameneinin oğlu Müctəba Xamenei rəhbərlik etsə də, o, uzun müddətdir ictimaiyyət qarşısına çıxmır. Nəşr qeyd edir ki, yeni ali rəhbəri indiyədək heç kim görməyib və səsini eşitməyib.
İddialara əsasən, ölkədə əsas qərarların qəbul edildiyi mərkəz Ali Milli Təhlükəsizlik Şurasıdır. Hökumət və güc strukturlarının fəaliyyətini əlaqələndirən bu qurumda altı nüfuzlu şəxsin həlledici rol oynadığı bildirilir.
Bunlar İran Prezidenti Məsud Pezeşkian, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Əhməd Vahidi, Şuranın katibi Möhsün Rzayi, parlament sədri Məhəmməd Bağır Qalibaf, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Əli Abdullahi və xarici işlər naziri Abbas Əraqçidir.
Nəşr xatırladır ki, Möhsün Rzayi əvvəllər SEPAH-a rəhbərlik edib, Məhəmməd Bağır Qalibaf isə bu qurumda yüksək vəzifələr tutub.

