Hollivud ulduzu Conni Depp keçmiş həyat yoldaşı Amber Hördlə qalmaqallı boşanmasından sonra seçdiyi yeni həyat tərzindən danışıb.
63 yaşlı aktyor Hollivudun səs-küyündən uzaqlaşaraq vaxtının böyük hissəsini Baham adalarındakı şəxsi adasında keçirdiyini bildirib.
Depp “The Wall Street Journal” nəşrinə müsahibəsində burada uzun müddətdir axtardığı sakitliyi və şəxsi həyatının toxunulmazlığını tapdığını deyib.
“İndi vaxtımın çoxunu Baham adalarında keçirirəm. Orada tam sakitlik və hüzur tapmışam. Heç kim mənə kamera tuşlamır, gözünü zilləyib baxmır”, – deyə aktyor bildirib.

O, 2004-cü ildə aldığı, 1940-cı illərə aid taxta evində rəsm emalatxanası yaratdığını da söyləyib. Deppin sözlərinə görə, rəsm çəkmək ona yaşadıqlarını və ətrafındakı dünyanı anlamağa kömək edir.
“Rəssamlıq mənim üçün sığınacaq olaraq qalır”, – deyə aktyor vurğulayıb.
Qeyd edək ki, Depp 2009-cu ildə “Vanity Fair”ə müsahibəsində də adadakı həyatından danışaraq uzaqlaşmağın onun üçün həyatda qalmağın bir yolu olduğunu bildirmişdi.

