Avropa İttifaqı (Aİ) Rusiyanın ən varlı qadını, “Wildberries” onlayn alış-veriş platformasının təsisçisi Tatyana Kimi sanksiya siyahısına daxil edib.
Yeni qərara əsasən, Kimə Aİ ölkələrinə səfər qadağası qoyulub, birlik ərazisindəki aktivlərinin dondurulması nəzərdə tutulub. Aİ-dəki fiziki və hüquqi şəxslərin ona maliyyə vəsaiti və iqtisadi resurslar təqdim etməsi də qadağan edilib.
Çeçenistanın paytaxtı Qroznıda koreyalı ailədə dünyaya gələn iş qadınının sərvəti təxminən 8,1 milyard dollar qiymətləndirilib.
Aİ sanksiyaları “Wildberries”in Rusiyanın ən böyük vergi ödəyicilərindən biri olması və hərbi məqsədlərlə istifadə edilə bilən məhsulların satışına vasitəçilik etməsi ilə əsaslandırıb. Brüssel şirkətin fəaliyyətinin Rusiya ordusunun təchizatına töhfə verdiyini iddia edir.
Ukrayna da daha əvvəl platformanın Rusiyadakı anbarlarını hərbi hədəflər siyahısına daxil edib. Kiyev şirkətin gecəgörmə cihazları, hərbi dəbilqələr və digər avadanlıqlar satdığını bildirib.

Tatyana Kim isə ittihamları rədd edərək bu məhsulların digər beynəlxalq alış-veriş platformalarında da satıldığını vurğulayıb. Kremlin də şirkətin hərbi fəaliyyətlə əlaqəli olması barədə iddiaları qəbul etmədiyi bildirilir.
“Wildberries”dən verilən məlumata görə, şirkətin Aİ ölkələrində aktivləri və kommersiya fəaliyyəti olmadığından sanksiyalar onun işinə birbaşa təsir göstərməyəcək.
Qeyd edək ki, Tatyana Kimə qarşı məhdudiyyətlər Aİ-nin Rusiyaya tətbiq etdiyi daha geniş sanksiya tədbirlərinin bir hissəsidir. Yeni siyahıya onlarla bank, iş adamları və Rusiyanın neft ticarəti ilə əlaqəli şirkətlər də daxil edilib.

