Azərişıq ASC-nin qış mövsümünə hazır olmadığı bir daha özünü açıq şəkildə göstərib.
DenMedia.az xəbər veeie ki, bir neçə saat davam edən yağışdan sonra Saray qəsəbəsinin Üzümlük yaşayış massivində işıqların sönməsi və uzun müddət bərpa olunmaması bölgə sakinlərini narazı salıb.
Hazırda ərazidə elektrik enerjisi yoxdur və Azərişıqdan, xüsusilə də sözügedən ərazini təmin edən Sumqayıt Elektrik Şəbəkəsindən hər hansı rəsmi açıqlama verilməyib. Sakinlər saatlardır işığın nə vaxt bərpa olunacağına dair məlumat gözləsələr də, cavab verən yoxdur.
Bu arada idarə rəisinin “öz kabinetində əməkdaşlardan xəbər gözləməsi” barədə yayılan iddialar qurumun idarəçilik zəifliyini bir daha gündəmə gətirir. Elementar hava şəraitinə tab gətirməyən enerji təchizatı, hər yağışda təkrarlanan qaranlıq və kommunikasiya problemləri Azərişığın fəaliyyətində ciddi nöqsanların olduğunu göstərir.
Qurum illərdir vətəndaşın ən elementar tələbi olan fasiləsiz enerji təminatını yerinə yetirə bilmir. Bu vəziyyət həm xidmət səviyyəsinin aşağı olduğunu, həm də Azərişığın qışa hazırlıqla bağlı açıqlamalarının real vəziyyəti əks etdirmədiyini sübut edir.
Sakinlər hesab edirlər ki, Azərişıq artıq vəziyyətə ciddi şəkildə müdaxilə etməli, problemli xətt və transformatorları yeniləməli, ən əsası isə belə hallarda operativ və şəffaf şəkildə məlumat verməlidir. Hazırkı vəziyyət isə dövlət qurumu üçün yolverilməzdir.
Nizami Rəsulov
Denmedia.az

