Şəkinin Baş Zəyzid kəndində fərdi yaşayış evində partlayış olub.
DenMedia.az yerli KİV-ə istinadən xəbər verir ki, gecə saat 04:00 radələrində kənd sakini Əhməd Soltanova məxsus, birmərtəbəli, üç otaqdan ibarət yaşayış evinin zirzəmisində partlayış baş verib. Partlayışdan sonra zirzəminin tavan hissəsində yanğın yaranıb, zirzəminin pəncərə şüşələri sınıb.
Zərbənin gücündən evin yaşayış sahəsində yerləşən pəncərələrin şüşələri də qırılıb, otaqlardakı şkaflar aşıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Ev sahibinin bildirdiyinə görə, partlayış baş verən zirzəmi hissəsində təbii qaz olmayıb.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

