İran Silahlı Qüvvələri Hörmüz boğazında dörd neft tankerinin dəniz minalarına düşdüyünü bildirib.
Denmedia.az “Əl-Cəzirə” telekanalına istinadən xəbər verir ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) iki iri neft tankerinin Hörmüz boğazında minaya düşdüyü barədə məlumat yayıb.
İran ordusunun Hərbi Dəniz Qüvvələri isə daha iki neft tankerinin boğazın cənub hissəsində dəniz minaları ilə toqquşduğunu bəyan edib.
SEPAH-ın məlumatına görə, ilk iki tanker ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) dəstəyi ilə hərəkət edirmiş. Digər iki tankerin isə Tehranla razılaşdırılmamış marşrut üzrə Hörmüz boğazından keçməyə çalışarkən minaya düşdüyü bildirilir.
SEPAH daha əvvəl də Hörmüz boğazının cənubundan, Oman sahillərinə yaxın ərazidən keçən dəniz yolundan istifadənin təhlükəli olduğu barədə dəfələrlə xəbərdarlıq edib.
İran tərəfi sözügedən akvatoriyanın ölkənin silahlı qüvvələrinin müşahidəsi və tam nəzarəti altında olduğunu vurğulayıb.

