İspaniyanın “Barselona” futbol klubu bu gün – noyabrın 23-də saat 21:10-da Bakıya gələcək.
Denmedia.az İspaniyanın “Mundo Deportivo” nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi UEFA Çempionlar Liqasının əsas mərhələsində “Sabah”la keçirəcəyi qarşılaşmadan iki gün əvvəl Azərbaycana səfər edəcək.
Klub prezidenti Joan Laportanın rəhbərlik etdiyi nümayəndə heyətini daşıyan təyyarənin Barselona hava limanından yerli vaxtla saat 13:00-da (Bakı vaxtı ilə 16:00-da) havaya qalxacağı gözlənilir.
Təxminən 5 saat 10 dəqiqə davam edəcək uçuşdan sonra komanda Heydər Əliyev Beynəlxalq Aeroportuna enəcək. Futbolçular və klub rəsmiləri Bakıda “The Ritz-Carlton” hotelində məskunlaşacaqlar.
Uzun uçuş və saat fərqi nəzərə alınaraq, bazar ertəsi üçün məşq nəzərdə tutulmayıb.
Noyabrın 24-də saat 19:15-də Bakı Olimpiya Stadionunda “Barselona”nın baş məşqçisi Hansi Flikin mətbuat konfransı keçiriləcək. Saat 20:00-da isə komanda oyunöncəsi son məşqinə çıxacaq. Məşqin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olacaq.
Qeyd edək ki, “Sabah”–“Barselona” qarşılaşması noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Görüş saat 21:45-də başlayacaq.
Kataloniya təmsilçisi oyundan dərhal sonra İspaniyaya qayıdacaq. Komandanın təyyarəsinin cümə axşamı yerli vaxtla saat 04:40-da (Bakı vaxtı ilə 07:40-da) Barselonaya enməsi planlaşdırılır.

