İsmayıllı rayonunda yerləşən “Qızıl Qaya” restoran–otel kompleksində güclü yanğın qeydə alınıb.
Denmedia.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Diyallı kəndi ərazisində fəaliyyət göstərən istirahət mərkəzində baş verib.
İlkin məlumatlara əsasən, yanğın otelin istirahət guşəsində başlayıb. Ümumi sahəsi təxminən 500 kvadrat metr olan ərazidə alov sürətlə yayılıb və hazırkı məlumata görə 100 kvadrat metr sahə yanaraq zərər görüb.
Hadisə barədə məlumat daxil olduqdan dərhal sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən briqadaları və polis əməkdaşları cəlb olunub. Yanğının ətraf ərazilərə yayılmasının qarşısının alınması üçün operativ tədbirlər görülüb, ərazi təhlükəsizlik kordonuna alınıb.
Hazırda yanğının söndürülməsi və tam nəzarətə götürülməsi istiqamətində işlər davam etdirilir. İlkin ehtimallara görə, hadisə zamanı xəsarət alanlar barədə rəsmi məlumat yoxdur. Lakin məsələ ilə bağlı dəqiqləşdirmələr aparılır.
Yanğının başvermə səbəbləri hələlik məlum deyil. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır, hadisənin dəqiq səbəbi və dəyən maddi ziyanın həcmi istintaqdan sonra açıqlanacaq.
Məsələ ilə bağlı rəsmi qurumların əlavə məlumatı olduqda ictimaiyyətə təqdim ediləcək.
Rafiq Həsənov
Denmedia.az

