Yalovanın Altınova ilçəsində yerləşən tersanədə təmirə dayanmış xarici bayraqlı “Sea Star Tilos” adlı sərnişin gəmisində güclü fırtına səbəbindən 6 heyət üzvü köməksiz vəziyyətdə qalıb.
Hadisə Altınova Tersaneler Bölgəsində baş verib. Şiddətli külək və əlverişsiz hava şəraiti gəmidə olan personalın təhlükəsiz şəkildə enməsinə mane olub.
Məlumat daxil olduqdan sonra əraziyə Altınova Bələdiyyəsinin yanğınsöndürmə briqadaları cəlb edilib. Xilasedicilər təhlükəsizlik tədbirləri görərək yanğın nərdivanı vasitəsilə heyət üzvlərini təxliyə ediblər.
Xilas edilən 6 nəfərin səhhətinin yaxşı olduğu, hadisə nəticəsində xəsarət və ya maddi ziyanın qeydə alınmadığı bildirilib.

