İtaliyanın Neapol şəhərində “Atalanta” – “Napoli” matçı zamanı yaşanan insident qalmaqala səbəb olub.
Bu barədə Corriere della Sera qəzeti məlumat yayıb.
Məlumata görə, mübahisə hakimin “Atalanta”nın qapısına təyin edilmiş penaltini ləğv etməsindən sonra başlayıb. Qərardan əsəbiləşən kişi sərt ifadələr işlədib. Onun 35 yaşlı həyat yoldaşı isə bu sözləri özünə ünvanlanmış təhqir kimi qəbul edib.
Əvvəlcə qadın ərinə qayçı atıb, lakin dəyməyib. Daha sonra mətbəx bıçağını götürərək ona yan nahiyəsindən zərbə endirib. Yaralı kişi təcili yardım çağırmağa çalışarkən qadının digər iti əşyaları da ona tərəf atdığı bildirilir.
Hadisə yerinə gələn polis əməkdaşları qadını saxlayıb. Ona ailə üzvünə qarşı zorakılıq və ağırlaşdırıcı hallarda xəsarət yetirmə maddələri ilə ittiham irəli sürülüb.
Zərərçəkən xəstəxanaya yerləşdirilib, həkimlərin məlumatına görə, onun həyatı üçün təhlükə yoxdur.

