Dubayda İran raket zərbələrini çəkən britaniyalı turist saxlanılıb.
Metro nəşrinin Detained in Dubai hüquq müdafiə təşkilatına istinadən yaydığı məlumata görə, 60 yaşlı Böyük Britaniya vətəndaşı İranın raket hücumlarını videoya çəkdiyi üçün saxlanılıb. O, günahkar sayılacağı halda iki ilə qədər həbs və ya böyük məbləğdə cərimə ilə üzləşə bilər.
Bildirilir ki, London sakini 9 martda saxlanılaraq Bur-Dubay polis bölməsinə aparılıb. Hüquq müdafiəçilərinin sözlərinə görə, kişi səmadan keçən raketləri videoya çəkib, lakin bu görüntüləri sosial şəbəkələrdə yayıb-yayımlamadığı məlum deyil.
Turistə hələ rəsmi ittiham irəli sürülməyib, lakin BƏƏ qanunvericiliyinə görə hərbi əməliyyatlarla bağlı materialların yayılması cinayət məsuliyyəti yarada bilər.
Saxlanılan şəxsin ailəsinə hüquq müdafiəçiləri kömək edir. Təşkilatın rəhbəri Radha Stirlinq bildirib ki, turistlər bəzən yerli qanunların ciddiliyini düzgün qiymətləndirmir və nəticələri düşünmədən hərəkət edirlər.

