Türkiyənin Niğde vilayətində fişəng istehsalı fabrikində partlayış baş verib. Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb.
Partlayış saat 16:45 radələrində Bor rayonunun Kemerhisar qəsəbəsində yerləşən, özəl şirkətə məxsus müəssisədə qeydə alınıb. Partlayışın səbəbi hələlik məlum deyil.
Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə təcili tibbi yardım briqadaları, yanğınsöndürənlər və digər təcili xidmət əməkdaşları cəlb olunub.
Xəsarət alanlar Bor Dövlət Xəstəxanasına və Niğde Tədris və Araşdırma Xəstəxanasına çatdırılıb.
Partlayışdan sonra müəssisənin ərazisində yanğın başlayıb. Yanğınsöndürmə briqadaları alovun söndürülməsi istiqamətində işləri davam etdirir.
Qeyd olunur ki, bu, həmin müəssisədə baş verən ilk belə hadisə deyil. 2018-ci il yanvarın 27-də eyni fabrikdə baş verən partlayış nəticəsində iki nəfər həyatını itirmişdi.

