Çində qadın kobranın sancdığı ərini xilas etmək istəyərkən özü də xəstəxanaya düşüb. O, filmlərdə gördüyü üsula əl ataraq ilan zəhərini yara yerindən sormağa çalışıb.
SCMP-nin məlumatına görə, hadisə Çinin Yunnan əyalətinin Yuanyan qəzasında baş verib. Yaşlı fermer tarlada işləyərkən kobra onun əl barmağından sancıb.
Bir müddət sonra sancılan yer şişib, kişi başgicəllənmə və halsızlıqdan şikayət etməyə başlayıb. Bunu görən həyat yoldaşı panikaya düşərək filmlərdə və seriallarda gördüyü üsulla, heç bir qoruyucu vasitədən istifadə etmədən zəhəri yaradan sormağa çalışıb.
Zərərçəkən dərhal xəstəxanaya çatdırılıb. Lakin bir neçə saat sonra oxşar əlamətlər qadında da müşahidə olunub. Onun ağız boşluğu, dili, üzü və ətrafları keyiməyə başlayıb. Ertəsi gün qadında güclü halsızlıq yaranıb və yaxınları onu da tibb müəssisəsinə aparıblar.
Həkimlər hər iki şəxsin yerli kobra növünün zəhərindən zərər çəkdiyini müəyyən ediblər. Ər-arvada zəhərə qarşı xüsusi preparat vurulub və lazımi müalicə təyin olunub. Bir neçə gündən sonra vəziyyətləri stabilləşdiyi üçün onlar evə buraxılıblar.
Hadisədən sonra həkimlər bir daha xəbərdarlıq ediblər ki, ilan zəhərini sormaq təhlükəli mifdir və düzgün ilkin yardımla heç bir əlaqəsi yoxdur.

