Efiopiyanın Amhara bölgəsində leysan yağışlarının səbəb olduğu torpaq sürüşməsi nəticəsində ən azı 14 nəfər həyatını itirib, 7 nəfər yaralanıb.
AP yerli hakimiyyət orqanlarına istinadən xəbər verir ki, torpaq sürüşməsi Müqəddəs Mariya monastırının ərazisində baş verib. Hadisə zamanı burada müqəddəs su ilə təmizlənmə mərasimində iştirak edən yüzlərlə dindar olub.
Yeparxiyanın baş idarəçisi Meqabe Hadis Neka Tibeb Ababunun sözlərinə görə, faciə səhər saat 07:00 radələrində baş verib. O bildirib ki, ölənlərin bir çoxu monastıra müqəddəs su almaq üçün gəlmişdi.
Rəsmilər dağıntılar altında insanların qala biləcəyini, buna görə də qurbanların və yaralıların dəqiq sayının hələ müəyyənləşdirilmədiyini bildiriblər.
Məlumata görə, 11 nəfər monastırın ərazisində dəfn olunub, digər qurbanların cəsədləri isə yaşadıqları bölgələrə göndərilib. Bəzi ölənlərin kimliyinin müəyyənləşdirilməsində çətinliklər yaranıb.
Ağır yaralılar hadisə yerindən təxminən 70 kilometr məsafədə yerləşən Debre-Birhan şəhərinə çatdırılıb.

