Kembric Universitetinin keçmiş professoru Ceyson Ardey Londondakı evində ölü tapılıb. Bu barədə The Guardian polisə istinadən məlumat yayıb.
37 yaşlı alim daha əvvəl universitet tərəfindən onun akademik fəaliyyətinə dair araşdırmaya başlanılmasından sonra istefa verdiyini açıqlamışdı.
“Ceyson Ardey Londonun cənubundakı evində ölü tapılıb”, – deyə Britaniya nəşri bildirib.
Araşdırmaya onun doktorluq dissertasiyasını hazırlayarkən plagiatda ittiham olunması, eləcə də akademik nailiyyətlərini şişirtməsi ilə bağlı iddialar səbəb olub.
Hüquq-mühafizə orqanları Ardeyin ölümünü gözlənilməz hadisə kimi qiymətləndirirlər. Bununla belə, hazırda onun ölümündə şübhəli məqamların olmadığı bildirilir.

Polis hadisənin bütün təfərrüatlarını və ölümün şəraitini araşdırmaqda davam edir.
Kembric Universiteti isə akademik rəhbər vəzifələrinə mütəxəssislərin təyin olunması ilə bağlı mövcud prosedurlara yenidən baxacağını açıqlayıb.
Ardeyin 2023-cü ildə sosiologiya professoru vəzifəsinə təyin olunması onun karyerasındakı əsas nailiyyətlərdən biri hesab edilirdi.

