“Drive” filminin məşhur “Nightcall” mahnısı ilə dünya şöhrəti qazanan fransız elektron musiqiçisi və DJ Kavinsky Parisdəki evində ölü tapılıb.
Reuters-in Paris Prokurorluğuna istinadən yaydığı məlumata görə, əsl adı Vincent Belorgey olan sənətçinin cəsədi iyulun 28-i axşam saatlarında aşkarlanıb. O, 50 yaşında idi və iyulun 31-də 51 yaşı tamam olacaqdı.
Prokurorluq ölümün səbəbini və şəraitini müəyyənləşdirmək üçün araşdırmaya başlayıb. İlkin baxış zamanı hadisə yerində şübhəli və ya cinayət xarakterli əlamətlərin aşkarlanmadığı bildirilib.
Bəzi media orqanları sənətçinin insult keçirə biləcəyini yazsa da, ölümün rəsmi səbəbi hələ müəyyən edilməyib.

Kavinsky 2010-cu ildə yayımlanan “Nightcall” mahnısının 2011-ci il istehsalı “Drive” filmində səsləndirilməsindən sonra beynəlxalq şöhrət qazanıb. Mahnı sonrakı illərdə sosial şəbəkələrdə yenidən populyarlaşıb.
Musiqiçinin son böyük çıxışlarından biri 2024-cü il Paris Olimpiya Oyunlarının bağlanış mərasimi olub. O, “Nightcall” mahnısını Angèle və “Phoenix” qrupu ilə birlikdə ifa edib.

