Böyük Britaniyanın keçmiş naziri və tanınmış siyasətçi Enn Uiddikomb evində ölü tapılıb. Polis onun şübhəli ölümü ilə bağlı qətl istintaqına başlayıb, hadisə ilə əlaqədar 26 yaşlı kişi saxlanılıb.
Uiddikombun nümayəndələri bildiriblər ki, 78 yaşlı siyasətçinin meyiti İngiltərənin cənub-qərbində, Dartmur bölgəsində yerləşən evində aşkarlanıb.
Polisin məlumatına görə, iyulun 9-da yerli vaxtla saat 11:40 radələrində təcili tibbi yardım xidmətindən daxil olan məlumat əsasında əməkdaşlar hadisə yerinə göndəriliblər. Ağır xəsarətlər almış Uiddikombun artıq həyatını itirdiyi müəyyən edilib.

Hadisə ilə əlaqədar Nyuton-Abbot şəhərində 26 yaşlı Britaniya vətəndaşı qətl şübhəsi ilə saxlanılıb. Şübhəli hazırda polis nəzarətindədir.
Devon və Kornuoll polisinin rəsmisi Mett Lonqman bildirib ki, ilkin mərhələdə hadisənin terror aktı və ya siyasi motivli cinayət olduğuna dair sübut aşkar edilməyib. Bununla belə, istintaqın hələ ilkin mərhələdə olduğu vurğulanıb.
Böyük Britaniyanın Baş naziri Kir Starmer Uiddikombu “görkəmli siyasətçi” adlandıraraq onun ailəsinə və yaxınlarına başsağlığı verib. Reform UK lideri Naycel Farac isə Uiddikombun Britaniyanın Avropa İttifaqından ayrılması prosesində mühüm rol oynadığını bildirib.
1947-ci il təvəllüdlü Enn Uiddikomb uzun illər Mühafizəkarlar Partiyasını parlamentdə təmsil edib, Con Meycor hökumətində müxtəlif nazir vəzifələrində çalışıb. O, sonradan Brexit Partiyasına, daha sonra isə Reform UK partiyasına qoşulub.

