Yaponiyanın Çiba prefekturasında güclü yağışlar nəticəsində 8 nəfər ölüb, 4 nəfər yaralanıb. Yerli hakimiyyətin məlumatına görə, ölüm halları Çiba, Kaşiva, İçikava, Sakura və Yaçiyo şəhərlərində qeydə alınıb.
Yaponiya Meteorologiya Agentliyi Çibada 12 saat ərzində 348 millimetr rekord yağıntı qeydə alındığını bildirib. Bu göstərici avqust ayı üzrə orta yağıntı normasından təxminən üç dəfə çoxdur.
Güclü yağışlar daşqınlara, nəqliyyatın iflic olmasına və elektrik enerjisinin kəsilməsinə səbəb olub. Narita hava limanında minlərlə sərnişin də gecələməyə məcbur qalıb.
Ən yüksək səviyyəli hava xəbərdarlığı sonradan aşağı salınıb, lakin əhaliyə yeni yağışlar, daşqın və torpaq sürüşməsi təhlükəsinə qarşı ehtiyatlı olmaq tövsiyə edilib.

