Bakıda küçədə nalayiq ifadələr işlədən və polis əməkdaşlarının tələbinə tabe olmayan qadın 10 gün müddətinə inzibati qaydada həbs edilib.
DenMedia.az lent.az-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən vərəm dispanserinin qarşısında baş verib.
42 yaşlı Sevinc Allahverdiyeva (şərti adla) həmin ərazidə mobil telefonla danışarkən nalayiq ifadələr işlədib. Ərazidə xidmət aparan polis əməkdaşları qadına yaxınlaşaraq onu nizam-intizama dəvət ediblər.
Lakin qadın polis əməkdaşlarının tələbinə məhəl qoymayaraq qaçmağa cəhd göstərib. Polis onun qarşısını alaraq qadını saxlayıb.
Polis şöbəsində onun barəsində müvafiq protokollar tərtib olunub.
Araşdırma zamanı daha bir detal üzə çıxıb. Qadının Cinayət Məcəlləsinin 178-ci maddəsi – dələduzluq üzrə də axtarışda olduğu müəyyən edilib.
Məhkəmənin qərarı ilə Sevinc Allahverdiyeva 10 gün müddətinə inzibati qaydada həbs olunub.

