Binaın zirzəmisində aşıb daşan kanalizasiya suları. Üfunət iyi baş çartladır. Min cür xəstəlik mənbəyi olan ağcaqanadlar isə sakinləri yaşamağa qoymur.
Bu barədə Denmedia.az-a Sumqayıt şəhər 17-ci mikrorayonunda, 51 saylı yaşayış binasının sakinləri bildirib.
70-ə yaxın ailənin yaşadığı binanın zirzəmisi uzun illərdir kanalizasiya suları ilə dolu vəziyyətdədir. Sakinlərin sözlərinə görə, vəziyyət nəinki dəyişmir, əksinə hər gün daha da dözülməz həddə çatır. Zirzəmidə yığılan çirkab sular ətrafa kəskin üfunət iyi yayır. Binada yaşamaq demək olar ki, mümkünsüzdür. Ağcaqanadlar, milçəklər və müxtəlif həşəratlar mənzillərə doluşur, sakinlərin normal həyatına ciddi maneə yaradır. Xüsusilə azyaşlı uşaqlar, yaşlılar və xəstə insanlar üçün bu vəziyyət böyük təhlükə mənbəyinə çevrilib.
Sakinlər bildirir ki, illərdir bu problem mövcuddur, lakin aidiyyəti qurumlar tərəfindən heç bir real addım atılmayıb. Dəfələrlə Sumqayıt Su Kanal İdarəsinə müraciət edilsə də, çağırışlara ya ümumiyyətlə cavab verilmir, ya da müvəqqəti və nəticəsiz tədbirlərlə məsələ bağlanır. “Bu artıq sadəcə məişət problemi deyil, birbaşa xəstəlik mənbəyidir. Uşaqlar tez-tez xəstələnir, evlərdə nəfəs almaq mümkün deyil. Yaşamalı yer deyil”, – deyə sakinlər narazılıqlarını bildirirlər.
Binada yaşayanların sözlərinə görə, rütubət və çirkab sular artıq bünövrəyə ziyan vurur, bu isə gələcəkdə daha ciddi fəsadlara – hətta binanın təhlükəli vəziyyətə düşməsinə səbəb ola bilər. Məsələ ilə bağlı Sumqayıt Su Kanal İdarəsindən bildirilib ki, bir müddət öncə sözügedən ərazidən keçən magistral kanalizasiya xəttində tutulma baş verib. Nəticədə çirkab suların geri dolması müşahidə olunub və bu hal binanın zirzəmisinə suyun yığılmasına səbəb olub. Qeyd olunub ki, idarənin əməkdaşları tərəfindən magistral xətt tam şəkildə təmizlənib. Hazırda xətt normal rejimdə fəaliyyət göstərir. Zirzəmidə yığılan suların yaxın vaxtlarda tədricən çəkilməsi gözlənilir.













Nizami Rəsulov
Denmedia.az

