ABŞ-nin Florida ştatında alliqatorun hücumuna məruz qalan qadın sağ qolunu dirsəkdən aşağı hissədən, sol əlinin isə bir barmağının bir hissəsini itirib.
“New York Post”un məlumatına görə, hadisə avqustun 8-də Florida ştatındakı Silver çayında baş verib.
Qadın çayda üzərkən qəfil alliqatorun hücumuna məruz qalıb. O, yırtıcıdan xilas olmaq üçün çılpaq əlləri ilə müqavimət göstərib.
Ayaqlarının dişlənməsinin qarşısını almaq istəyən qadın alliqatorun ağzını bağlamağa çalışıb. Lakin yırtıcı əvvəlcə onun barmağını qoparıb, daha sonra isə sağ qolundan yapışıb.
Hadisənin şahidi olan şəxslər qadının köməyinə çataraq yarasına əldəqayırma turniket bağlayıblar və onu xəstəxanaya çatdırıblar.
Hadisədən bir gün sonra mütəxəssislər çayda uzunluğu təxminən üç metr olan alliqatoru tutublar.
Qeyd edək ki, oktyabrın ortalarında Floridada alliqator hücumu nəticəsində ilin ikinci ölüm hadisəsi qeydə alınıb. Orlando şəhərindən təxminən 24 kilometr aralıda yerləşən göldə balıq tutan 71 yaşlı Stiven Hamilton alliqatorun hücumu nəticəsində həyatını itirib.

