Ankaradan Şanlıurfaya uçan AJet təyyarəsi GAP hava limanına endikdən sonra bomba ilə bağlı qeyd tapılması səbəbindən təxliyə edilib.
Türkiyə mediasının məlumatına görə, AJet 4180 reysi Ankaradan saat 19:00-da (Bakı vaxtı ilə 20:00) havaya qalxıb və saat 20:05-də (Bakı vaxtı ilə 21:05) Şanlıurfaya enib.
Təyyarənin göyərtəsində 136 sərnişin və 7 ekipaj üzvü olub.
Şanlıurfa valisi Hasan Şıldak bildirib ki, sərnişinlər və ekipaj üzvləri təhlükəsiz şəkildə təxliyə ediliblər.
“Sərnişinlər və təyyarənin ekipajı təhlükəsiz şəkildə təxliyə edilib. Bundan sonra təhlükəsizlik bölmələri təyyarədə partlayıcı maddələrin olub-olmadığını müəyyən etmək üçün axtarış aparacaq”, – vali bildirib.
Bomba barədə qeydin kim tərəfindən və hansı səbəbdən yazıldığı hələlik müəyyən edilməyib. Təyyarədə aparılan yoxlamanın nəticələri barədə də məlumat verilməyib.

