Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda maliyyə mərkəzində yerləşən göydələnə hücum nəticəsində 11 nəfər xəsarət alıb.
Denmedia.az Səudiyyə Ərəbistanının Mülki Müdafiə İdarəsinin məlumatına istinadən xəbər verir ki, hücumun Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” hərəkatının husiləri tərəfindən həyata keçirildiyi bildirilir.
Qurumun X sosial şəbəkəsində yayımladığı bəyanatda qeyd olunub:
“Ər-Riyad şəhərinin maliyyə mərkəzindəki qüllələrdən biri husilərin terror hücumuna məruz qalıb. Hadisə nəticəsində 11 nəfər yaralanıb”.
Məlumata görə, yaralılardan ikisi Səudiyyə Ərəbistanı vətəndaşı, doqquzu isə əcnəbidir.
Xəsarət alan əcnəbilərin ikisi Hindistan, üçü Nepal, dördü isə Misir vətəndaşıdır.
Reuters agentliyinin məlumatına görə, noyabrın 24-də baş verən hücumda Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun (PIF) yerləşdiyi göydələn hədəfə alınıb. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya hücumun pilotsuz uçuş aparatı ilə həyata keçirildiyini bildirib.
Bu, həmin binaya bir həftədən az müddətdə edilən ikinci hücumdur. Noyabrın 19-da baş vermiş əvvəlki hücum zamanı binaya ziyan dəysə də, xəsarət alan olmamışdı.

