İsveçdə yaşayan azərbaycanəsilli siyasətçi Turan Əliyev ölkənin əhalisinə görə ikinci ən böyük regionu olan Vestra Hötalandın Logistika üzrə İdarə Heyətinə 2027–2030-cu illər üçün əsas üzv seçilib.
Denmedia.az AZƏRTAC-a istinadla yaydığı məlumata əsasən xəbər verir ki, Vestra Hötaland İsveçin 21 regionundan biridir. Region 49 bələdiyyəni əhatə edir və təxminən 1,8 milyon əhalisi var.
Turan Əliyevin üzv seçildiyi Logistika üzrə İdarə Heyəti regionun səhiyyə sisteminin fasiləsiz fəaliyyətinin təmin edilməsində mühüm rol oynayan siyasi idarəetmə orqanıdır.
Qurum xəstəxanaların və digər səhiyyə müəssisələrinin tibbi ləvazimatlar və zəruri məhsullarla vaxtında təmin edilməsinə, həmçinin anbarların, daşınma və çatdırılma sistemlərinin fəaliyyətinə siyasi nəzarəti həyata keçirir.
İdarə heyətinin səlahiyyətlərinə böhran və müharibə şəraitində səhiyyə müəssisələrinin təchizatının davamlılığını təmin etmək üçün hazırlıq tədbirləri, ayrılmış büdcə vəsaitindən səmərəli istifadə və xidmətlərin keyfiyyətinə nəzarət də daxildir.
Bununla yanaşı, təchizat proseslərində ekoloji dayanıqlılığa və resurslardan qənaətlə istifadəyə xüsusi diqqət yetirilir. İdarə heyətinin siyasi nəzarəti altında fəaliyyət göstərən təchizat qurumunda təxminən 1500 əməkdaş çalışır.
Qeyd edək ki, Turan Əliyev daha əvvəl İsveçin Partille şəhərinin Bələdiyyə Şurası tərəfindən Mədəniyyət və Asudə Vaxt Komitəsi sədrinin birinci müavini seçilib. O, bu vəzifənin icrasına 2027-ci il yanvarın 1-də başlayacaq və 2030-cu ilin sonunadək çalışacaq.
Turan Əliyev həmçinin Partille Bələdiyyə Şurasının deputatıdır və İsveçin Mərkəz Partiyasını təmsil edir.

