Sussex hersoginyası Meqan Marklın 82 yaşlı atası Tomas Markla qarşı ABŞ-də uşaqların cinsi istismarını əks etdirən materialların saxlanılması ilə bağlı rəsmi ittiham irəli sürülüb.
Denmedia.az BBC-yə istinadən xəbər verir ki, Los-Ancelesdə federal böyük andlılar heyəti Tomas Markl barəsində ittiham aktını təsdiqləyib.
Kaliforniyanın Mərkəzi Dairəsi üzrə Federal Prokurorluğun məlumatına görə, Marklın uşaqların cinsi istismarını əks etdirən materialları bilərəkdən saxladığı iddia olunur. İttihamda həmin materiallardan ən azı birinin 12 yaşından kiçik uşağa aid olduğu bildirilir.
Tomas Markl ittihamları rədd edir.

FBI əməkdaşları onu noyabrın 6-da Floridada yerləşən, demensiyadan əziyyət çəkən şəxslərə qulluq göstərilən yaşlılar müəssisəsində saxlayıblar. Saxlanılma Los-Ancelesdə onun icarəyə götürdüyü anbarlarda aparılan axtarışlardan sonra baş verib.
İttiham aktına əsasən, Markl oktyabrın 30-da və noyabrın 4-də uşaqların cinsi istismarını əks etdirən materialların olduğu 35 millimetrlik fotolent neqativlərini saxlayıb. Prokurorluq onun hər iki tarixdə həmin materialların məzmunundan xəbərdar olduğunu iddia edir.
Hazırda Tomas Markl Floridada həbsdə saxlanılır. Bildirilir ki, o, daha əvvəl sərbəst buraxılması üçün müəyyən edilmiş şərtləri pozaraq elektron izləmə cihazını çıxarıb. Buna görə məhkəmə onun proses başa çatanadək həbsdə qalmasına qərar verib.
Floridada keçirilən məhkəmə iclasında hakim Marklın məhkəmə prosesində iştirak etmək üçün əqli və psixi baxımdan yetərli vəziyyətdə olduğuna qərar verib.
Şahzadə Harrinin qayınatasının yaxın həftələrdə Los-Ancelesdə hakim qarşısına çıxacağı və irəli sürülən ittihamlara cavab verəcəyi gözlənilir.

