Dünya şöhrətli britaniyalı aktyor, “Star Trek” və “X-Men” ekran əsərlərindəki rolları ilə tanınan Patrik Stüart 86 yaşında vəfat edib.
Denmedia.az Associated Press agentliyinə istinadən xəbər verir ki, aktyor oktyabrın 28-də ABŞ-nin Los-Anceles şəhərindəki evində dünyasını dəyişib. Onun ölümü barədə məlumat ertəsi gün ictimaiyyətə çatdırılıb.
Aktyorun uzun illər nümayəndəsi olmuş Kelli Buş Novak bildirib ki, Stüart Alzheimer xəstəliyi və Levi cisimcikli demensiya ilə mübarizədən sonra həyatını itirib.
Məlumat aktyorun Instagram və X sosial şəbəkələrindəki rəsmi hesablarında da paylaşılıb. Açıqlamada onun son günlərini həyat yoldaşı Sanni Ozellin, ailə üzvlərinin və yaxın dostlarının əhatəsində keçirdiyi qeyd olunub.

Patrik Stüart dünya miqyasında xüsusilə “Star Trek: The Next Generation” serialında canlandırdığı kapitan Jan-Lük Pikar və “X-Men” filmlərindəki professor Çarlz Ksavye obrazları ilə məşhurlaşıb.
Kino və televiziya sahəsində böyük uğurlar qazanan aktyor yaradıcılığının mühüm hissəsini teatra həsr edib. O, uzun illər səhnədə, o cümlədən Şekspir əsərlərində çıxış edib.
Aktyorun vəfatından sonra həyat yoldaşı Sanni Ozell, ilk evliliyindən olan övladları Daniel və Sofi qalıb.

