Türkiyədə narkotik vasitələr və fahişəliklə bağlı aparılan genişmiqyaslı istintaq çərçivəsində tanınmış televiziya aparıcısı Murat Başoğlu da saxlanılıb.
Denmedia.az Haberler.com-a istinadən xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində 35 şübhəli haqqında saxlanılma qərarı verilib. Əməliyyatın ilkin mərhələsində 19 nəfər tutulub.
Saxlanılanlar arasında bir vaxtlar Türkiyə televiziya ekranlarının tanınmış simalarından olan Murat Başoğlu da var. Aparıcıya qarşı konkret hansı ittihamların irəli sürüldüyünün təfərrüatları hələlik məlum deyil.
Murat Başoğlu daha əvvəl də şəxsi həyatı ilə bağlı qalmaqalla gündəmə gəlib.

Belə ki, 2017-ci ilin iyulunda o, Bodrumda qardaşının qızı Burcu Başoğlu Kabadayı ilə yaxtada səmimi görüntülənmişdi. Hadisə Türkiyə ictimaiyyətində geniş müzakirələrə səbəb olmuşdu.
Başoğlu əvvəlcə görüntülərdəki qadının qardaşı qızı olduğunu inkar etsə də, Kabadayı həmin şəxsin özü olduğunu təsdiqləmişdi.
Görüntülər yayıldıqdan sonra hər iki şəxs barəsində ictimai əxlaq normalarını pozan hərəkətlərə yol vermək ittihamı ilə cinayət işi açılmış, bir ilədək həbs cəzası tələb olunmuşdu.
Məhkəmə 2018-ci ildə hadisənin ictimaiyyətə açıq şəkildə baş verməsi şərtinin təmin olunmadığını əsas gətirərək hər iki şəxsə bəraət vermişdi. Lakin həmin qərar apellyasiya instansiyası tərəfindən iki dəfə ləğv edilmişdi.

