Çinin Tibet bölgəsində yetişdirilən və “Qara brilyant” adı ilə tanınan nadir alma növü qeyri-adi görünüşü və yüksək qiyməti ilə diqqət çəkir. Qabığı qaraya çalan tünd bənövşəyi, içi isə ağ olan bu almanın bir ədədi 68 manata qədər satılır.
Denmedia.az xəbər verir ki, “Black Diamond” adlanan alma növü Tibetin Nyingçi şəhərində, dəniz səviyyəsindən təxminən 3100 metr yüksəklikdə yetişdirilir.
Almanın özünəməxsus tünd rəng alması bölgədə ultrabənövşəyi şüaların intensivliyi və gecə ilə gündüz arasındakı böyük temperatur fərqi ilə əlaqələndirilir.
Məlumata görə, bu alma növünün ağacları soyuğa, quraqlığa və zərərverici həşəratlara qarşı davamlıdır. Əlverişli şəraitdə əlavə suvarma və kimyəvi dərmanlama olmadan da məhsul verə bilir.
Lakin “Qara brilyant” almalarının yetişdirilməsi uzun müddət tələb edir. Ağacların tam məhsuldarlığa çatması təxminən səkkiz il çəkir. Məhsul yığımı isə il ərzində cəmi iki ay davam edir.

Bildirildiyinə görə, yetişdirilən almaların yalnız 30 faizi lüks bazarın keyfiyyət tələblərinə cavab verir. Məhdud istehsal səbəbindən meyvənin bir ədədi 17–68 manat (10–40 ABŞ dolları) arasında dəyişən qiymətlərlə satışa çıxarılır.
Xüsusi hədiyyə qutularında da təqdim edilən bu almalar əsasən Pekin, Şanxay və Quançjou kimi böyük şəhərlərin bahalı supermarketlərində satılır. Bəzi dövrlərdə isə məhsul hələ yığılmamış öncədən verilən sifarişlərlə tükənir.
“Qara brilyant” almalarını fərqləndirən digər xüsusiyyət dadıdır. Tünd qabığının altında ağ, xırtıldayan və şirəli meyvə əti gizlənir. Təbii şəkər miqdarının digər alma növlərindən daha yüksək olduğu bildirilən meyvənin dadı bala bənzədilir.

