ABŞ-nin İndiana ştatında 51 yaşlı Tomas Tkaçın həyat yoldaşını və iki qızını öldürdükdən sonra intihar etməsi ilə bağlı ilkin məhkəmə-tibbi ekspertiza rəyi yayımlanıb.
Denmedia.az xarici mətbuata istinadən xəbər verir ki, hesabatda 17 yaşlı Ketrin Tkaçın ölümü ilə bağlı müəyyən edilən xəsarətlərin anasının və bacısının xəsarətlərindən fərqlənməsi diqqət çəkib.
Tippekano dairəsinin məhkəmə-tibbi ekspertiza qurumunun yaydığı ilkin rəyə əsasən, ailənin hər üç üzvü çoxsaylı odlu silah xəsarətləri nəticəsində həyatını itirib. Yalnız 17 yaşlı Ketrin Tkaçın baş nahiyəsində çoxsaylı güllə yaraları olduğu bildirilib. Purdue Universitetinin 53 yaşlı müəllimi Culi Tkaçın və 16 yaşlı Loren Tkaçın bədənlərinin hansı nahiyələrindən xəsarət aldıqları barədə məlumat verilməyib.

Hadisə ilə bağlı təcili yardım çağırışının səs yazısından məlum olub ki, qızlardan biri 911 xidmətinə zəng edərək atasının silahlı olduğunu və ailə üzvlərini öldürməklə hədələdiyini bildirib.
Polis əməkdaşları evdə dörd ailə üzvünün meyitini aşkar ediblər. Məhkəmə sistemində çalışan Tomas Tkaçın intihar etdiyi, həyat yoldaşının və iki qızının isə qətlə yetirildiyi müəyyənləşdirilib.

Kişinin ailə üzvlərini hansı səbəbdən öldürdüyü hələ məlum deyil. İlkin ekspertiza rəyində toksikoloji müayinələrin davam etdiyi və nəticələrin əldə olunmasının səkkiz həftəyədək çəkə biləcəyi qeyd olunub.

